Haqq adamı
Nə gözəl səfərdi, ay Hacı Vasim, Səfər adamısan, yol adamısan. Gəl səni ürəklə bağrıma basım, Sən haqqın işığı bol adamısan.
Duymuşam, görmüşəm hər nəfəsində, Kişi çəkisini, alim zəhmini. Dəniz ləngərində, dalğa səsində Təzədən tapmışam Əli Fəhmini.
O da şeirimizin canlı heykəli, O da bir ayrı cür kainatıydı. Fərhaddan havalı, Məcnundan dəli, Söz üstə qaynayan bir həyatıydı.
Şirin məclislərdə, bəlkə, min dəfə, Sən məni yandırıb, kül eyləmisən. Misralar dilində düzülüb səfə, Sevginlə tikanı gül eyləmisən.
Necə vurulmayım, axı, mən sənə, Əruzdu sirdaşın, hecadı dostun. Füzuli dostusan, min əhsən sənə, Tarixin özündən qocadı dostun.
Min çeşmə gözü var bir odlu canda, Sellərin dilində danışan kişi. Leylidən, Məcnundan söhbət açanda, Çöllərin dilində danışan kişi.
Hər dəfə Quranı sən oxuyanda, İslam işıqlanır, insan nurlanır. Bir saflıq yaranır ürəkdə, qanda, Qələm qanad açır, söz qürurlanır.
Qarşında hörmətlə əyilər başım, O səsə heyranam, ünə heyranam. Kərbəla sirdaşım, Kəbə yoldaşım, Səni tanıdığım günə heyranam.
Şərqin şairləri tapıb baxtını, Min kitab yerləşib dolu qəlbinə. Tanrı elə qurub orda taxtını, Şeytan tapa bilməz yolu qəlbinə.
Əgər səndən qabaq getsəm dünyadan, Quranı sən oxu üstümdə mənim. “Rəngdir”1 şeirini oxuyan zaman, Min Kərəm qovrular tüstümdə mənim.
Söz nə möcüzədi, yoxdan var oldu, Gəl yenə var eylə yoxu, qardaşım.
Sabiri, Vahidi, Seyid Əzimi, Davud avazıyla oxu, qardaşım.
Qoy hələ sönməsin gözlərin nuru, Qoy hələ çalmasın İsrafil suru. Oxu Şəhriyarı, Səməd Mənsuru, Şeirin xalısını toxu, qardaşım.
Zaman diri qalar, bircə an ölməz, Ruh ruha tapınar, canda can ölməz. Bir gecə yatmasa Zəlimxan ölməz, Getməsin gözlərə yuxu, qardaşım.
Şair qulaq assın, Allah dinləsin, Oxu o sözlərdən, oxu, qardaşım. Ulu səfərlərin, uzaq yolların, Hələ qarşıdadı çoxu, qardaşım.
Şirin ləhcəmizin, bal dilimizin, Dadısan, tamısan, ay Hacı Vasim. Beləcə, qeydinə qal dilimizin, Füzuli şamısan, ay Hacı Vasim.
Söz gözün işığı, ürəyin yağı, Sevginin zirvəsi, həsrətin dağı. Nəsimi dəryası, Hafiz bulağı, Mövlana camısan, ay Hacı Vasim.
Qüdrətdən işlənib ilməsi, sapı, Dağılmaz Quranda yapılan yapı. Dərgahda üzünə açıqdır qapı, Allah adamısan, ay Hacı Vasim.
2002, 30 iyul · 1 Səməd Mənsurun məşhur fəlsəfi şeiri nəzərdə tutulur.