Haqlısan şairdən gileylənməyə
Söz güllə, söz mərmi, söz qurşun gərək, Söz millət, söz ordu, söz qoşun gərək, Qoruya göyləri yad nəfəsindən, Burnu qanamaya bir quşun gərək. Xalqın namusuna göz dikənlərin, Şair cəsarəti, şair qeyrəti, Tökə boğazına qurğuşun gərək. Göz yaşı, el dərdi, ana fəryadı Dönməsə qəlbində sızlayan neyə, Haqlısan, min dəfə haqlısan, anam, Haqlısan şairdən gileylənməyə.
Bu necə şairdi, şəhid olmadı? Bu necə şairdi, əsgər olmadı? Əlindən torpağın yarısı getdi, Qocası, cavanı, qarısı getdi. Sözü çevrilmədi qızıl gülləyə, Masası çevrilib səngər olmadı. Yağı tapdağına dönəndə torpaq, Niyə bir çaxnaşma salmadı yerə? Niyə bir titrəmə salmadı göyə? Haqlısan şairdən gileylənməyə.
Füzuli sultanım, Xətai şahım, Nəsimi inadı “mənim Allah”ım. Sözün qılıncını saldıq kəsərdən, İçimi göynətdi amanım, ahım. Şeirin qibləsinə gətirəmmədik, Kim səyə üz tutdu, kimi də bəyə, Haqlısan şairdən gileylənməyə.
Başda qapaz ola, yanaqda şillə, Dildə xəncər ola, dodaqda güllə. Sərhəddə dağ ola, torpaqda qaya, Canda təpər ola, qeyrətdə maya. Tərpədə dünyanı tufan gücündə, Qabara, çəkilə ümman gücündə. Söz gərək düşmənin qəddini əyə, Əyə bilmədisə namərd qəddini, Haqlısan şairdən gileylənməyə.
Demək, sözümüzdə el gücü yoxmuş, Demək, səsimizdə sel gücü yoxmuş. Obalar çökdüsə düşmən önündə, Demək, dilimizdə fil gücü yoxmuş. Döyüş meydanına çıxarmaq üçün, Nə pələng var imiş, nə şir var imiş. Vətənin gözünə kül üfürməyə, Yalançı bir haray, həşir var imiş. Baqqallar, darğalar daha çox imiş, Tülkülər, qarğalar daha çox imiş. Oğlun əsirdisə, günahkar mənəm, Qızın girovdursa, günahkar mənəm. Torpağın ən böyük faciəsinə, Gözü kor, beyni küt, qəlbi kar mənəm. Şair harayına, şair səsinə, Ordular ayağa qalxa bilmədi. Şair güvənmədi öz imkanına, Milləti özünə arxa bilmədi. Bu gün bir millətin yurdu, yuvası, Olubsa çamırlıq, olubsa dəyə, Haqlısan, min dəfə haqlısan, anam, Haqlısan, min dəfə haqlısan, atam, Haqlısan şairdən gileylənməyə, Haqlısan şairdən gileylənməyə!