Halımı soruşub necəsən demə
Halımı soruşub necəsən demə, Hər saat qulağı səsdə gəzirəm. Köksümdən üzülüb düşəcək deyə, Əlim ürəyimin üstə gəzirəm.
Ağrılar içində əriyir zaman, Sağalmaz qəlbinə şübhələr daman. Gözümdən çən getmir, başımdan duman, Bürünüb dumanda, sisdə gəzirəm.
Ümidi qırıldı, gümanı getdi, Gümanı gedənin amanı getdi, Havalı günlərin zamanı getdi, Havasız dolanıb, xəstə gəzirəm.
2004, 20 sentyabr