Halıma mənim
Kərəm eylə, ya rəb, qüdrətli sübhan, Qərib, qəmgin keçən halıma mənim. Ağlım heyrandadır, olmuşam peşman, Bilməzlikdə keçən salıma mənim.
Məhşərdə olmasan sən mənə dalda, Ya rəb, necə olar işim o halda, İmanım mətahın aparan yolda, Rəhzənlər qoymagil yoluma mənim.
Din qılıncı vurum, təndə zorum yox, Möhtaca nan verim, əldə zərim yox, Bir fəqirəm, səndən ayrı yerim yox, Bir təsəlli vergil könlümə mənim.
İstəsə tay-tuşlar başa altın tac, Fəqirlik mülkündən mənə verən bac, Ya yaradan, etmə namərdə möhtac, Diləyim, tuş etmə zalıma mənim.
Aciz mənəm, səndən özgə kimim var, Öz verən canına cəbr etmə, cabbar, Məxdumqulu deyər, kərəmli qaffar, Baxma əməlimə, felimə mənim.