Halallıq
Çölləri, düzləri gözəlləşdirər, Çiçək halallığı, gül halallığı. Tanrım, dolaşdırma mən gedən yolu, Yaz mənim bəxtimə yol halallığı.
Yetirər, bitirər, şumlayar, əkər, Yazın da, qışın da nazını çəkər, Südünə su qatmaz, balına şəkər, Dönər bərəkətə əl halallığı.
Zülmətə işıqdı, qıfıla açar, Nurdu, zərrələri hər yana saçar. Haramdan çəkinər, yalandan qaçar, Şahlara dərs olar qul halallığı.
Üzünü Haqq adlı Birə çevirir, Daşı parıldadıb zərə çevirir, Yurdu ziyarətə, pirə çevirir, Ocaq halallığı, kül halallığı.
Məni öz bəxtimlə canhacan eylə, Halal səhər eylə, halal dan eylə. İlahi, payımı halaldan eylə, Məndən əsirgəmə bol halallığı.
2005, 25 iyun