Əsas məzmuna keç

Qoşma

Halal sevgilərin uzundur ömrü

Zəlimxan Yaqub

1

İşığı ulduzdan, Aydan götürər, Halal sevgilərin uzundur ömrü. Saflığı çeşmədən, çaydan götürər, Halal sevgilərin uzundur ömrü.

Heç kəsin payından tikə götürməz, Düşsə də ən ağır yükə, götürməz. Selə ver, oda at, ləkə götürməz, Halal sevgilərin uzundur ömrü.

Baxmaz nə yağışa, nə qara baxmaz, Çiçəyi tez solan bahara baxmaz. Baxdığı ürəkdi, kənara baxmaz, Halal sevgilərin uzundur ömrü.

Örtəmməz üstünü nə ot, nə alaq, Yüz yerdən peyvənddi, min yerdən calaq. Kəsəmməz yolunu çarmıx, daşqalaq, Halal sevgilərin uzundur ömrü.

Fitnə ağırlığı, şər yükü yoxdu, Peyğəmbər ömrünün şəri ki yoxdu. Allah sevgisinin şəriki yoxdu, Halal sevgilərin uzundur ömrü.

Dünyada nə dövlət, nə malın olsun, Sevgi varın olsun, cəlalın olsun. Halal sevirsənsə, halalın olsun, Halal sevgilərin uzundur ömrü.

2003, 7 dekabr

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.