Əsas məzmuna keç

Qoşma

Hacının

Aşıq Ələsgər

1

(Göyçə mahalının Ardanış kənd sakini Hacı Qulu kişiyə həsr olunub)

Nurdan xəlq eləyib xaliqi sübhan, İlahidən qisməti var Hacının. Xoş güzəran, yaxşı dövran qurubdu, Varı, mülkü, dövləti var Hacının.

Pəhləvan cüssəli, bir kəmər bəstə, Mərtəbəsi uca, öz kökü üstə, Arxadır, köməkdir qohuma, dosta, Rüstəm kimi qeyrəti var Hacının.

Qızıl naxır, ağ sürülər yataqda, Mis qazanlar gecə-gündüz ocaqda, Qonaq-qara sazlı-sözlü otaqda, Səxası var, mürvəti var Hacının.

Aldanmaz dünyanın cah-cəlalına, İlahi bəxş edib nur kamalına, Zərrə haram qatmaz halal malına, Alın təri, zəhməti var Hacının.

Yerində danışar, yerində gülər, Böyüyün, kiçiyin qədrini bilər, Səsi gah Göyçədən, Kür üstən gələr, Həm ad-sanı, şöhrəti var Hacının.

İgid bir kişidir, qaməti çinar, Hər dara düşənin halına yanar. Qalmaz nə xeyirdən, nə şərdən kənar, El-obada hörməti var Hacının.

Bir baxışla dost-düşməni tanıyır, Həm yaxşını, həm yamanı tanıyır. Sərrafdı gövhəri-kanı tanıyır, Ağıl adlı sərvəti var Hacının.

İnşallah həmişə canı sağ olar, Qiyamət günündə üzü ağ olar, Zəhməti bar verər, bağça bar olar, Haqq dərgahda cənnəti var Hacının.

Nəfsi təmiz, paklıq gəzir canında, Mərifət, mərhəmət axır qanında, Aşıq Ələsgərin hər vaxt yanında, Dünyalarca hörməti var Hacının.

Aşıq Ələsgər
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.