Əsas məzmuna keç

Tərkibbənd

HACI ƏBDÜLƏHƏD ŞİRVANİYƏ

Seyid Əzim Şirvani

4

Gəldi novruz, nigara, yetişib fəsli-bahar, Gül açar pərdə cəmalından, olar bülbülə yar, Səhni-gülzarə olur badi-səba ətirfəşan, Bağdə sünbül açar silsileyi-ğaliyəbar. Edəcəklər hamısı ləhni-Hicaz ilə səda, Dolacaq Şurü Nəva ilə bu firuzi həsar. Tuti tütək çalacaq bağdə, bülbül balaban, Gələcək sövti-dəfü musiqiyü musiqar, Edəcək rast Əbülçəp dəxi türkü tacik. Fəsli-novruz Rəhavəndi oxur səlsəlü sar. Nə rəva bir belə mövsümdə, nigara, axır, Bəxtü dövlət kimi məndən edəsən sən də fərar?! Gül ola bülbülə həmdəm, mən olam hicrə əsir, Eyləyəm şamü səhər firqət ilə naləvü zar? Bu qədər eyləmə bu şiftəyə cövrü cəfa, Bu qədər aşiqi-dilxəstəni sən eyləmə xar.

Dilbəra, yaxşı deyildir bu hekayət səndən, Eylərəm yoxsa ki bir zatə şikayət səndən.

Həmdəmim sən təki ta yari-meyaşam oldu, O qara zülf bəlasilə günüm şam oldu. Tökülüb zülfi-siyəh tutdu rüxi-rəxşanın, Dedim: – Ey vay, yaman yerdə gün axşam oldu! Dedim: – Ey şux, haçan səndən olur kam rəva? Dedi: – Nakamlıq eşq əhlinə bir kam oldu. Yar olub özgələrin yarı, edər zövqü səfa, Dili-şuridə əbəs eşqdə bədnam oldu. Gəldi novruz, müzəyyən elədi dünyanı, Bülbüli-xəstəyə güldən yenə ənam oldu. Dedim: – Ey şux, olub eyd, öpüm qoy əlüvi, Eyddə bus eləmək sünnəti-islam oldu. Güldü ol simbədən, söylədi, ey aşiqi-zar, Səni rüsva eləyən bu təməi-xam oldu. Dedim: – Ey müşk-xət, etdin nə üçün məndən rəm? Dedi kim əhuyi-vəhşini görüb ram oldu.

Yardən aşiqi-şeydayə təmənna nə üçün? Bu təmənna sənə, ey aşiqi-şeyda, nə üçün?

Şüəra içrə sənin şöhrət edən namın yox, Yar üçün bəzmi-səfa içrə sərəncamın yox. Özgələr kimi sənin yoxdu visaqın, bəzmin, Məzəvü nöqlü kəbabü meyi-gülfamın yox. Söyləyirsən özünü Camdən artıq, amma Meyi-gülfam ilə məmlüvv olan camın yox. Çeşmi-badamıma həsrətlə baxırsan hərdəm, Belə zahir ki sənin şəkkərü badamın yox. Yox dilaram sənə şəhrdə məndən özgə, Görməyən gün bu rüxi-şəmimi aramın yox. Səri-küyimdə yatan sübhə kimi bir itcən, Etibarın, şərəfin, izzətü ikramın yox. Ruzgarın eləyib tirə bu zülfüm tari, Tanrı şahiddi ki, bir xoş keçən əyyamın yox. Qoymusan dəhrdə sən bülbüli-şeyda aduvi, Bəzmdə mən kimi bir yari-güləndamın yox.

Qönçə kimi ciyərin, get dəxi, sən qan eləmə, Mən kimi bir gül üçün naləvü əfqan eləmə.

Dedim: – Ey şəm, sənin hüsnüvə pərvanə mənəm, Eyləyən eşqdə bu yanmağa pərva nə mənəm. Kakilin tanrı mənim boynuma vurmuş zəncir, Bağlanıb silsileyi-zülfdə divanə mənəm. Xalüvün danəsinə cənnəti versəm, nə əcəb, Adəmin züryətiyəm, talibi-ol danə mənəm. Tutma, ey gövhəri-yekdanə, belə xar məni, Məxzəni-mərifətəm, gövhəri-şahanə mənəm. Etmişəm hər nə cəfa eyləsən, ey şux, qəbul, Can verən rəğbət ilə sən kimi cananə mənəm, Salmışam boynuma zünnar səri-zülfüvü mən, Dərdi-eşq ilə dönən dəhrdə Sənanə mənəm. Gecələr yadi-rüxü zülfün ilə sübhə kimi, Söyləyən suz ilə, ey şəmrux, əfsanə mənəm. Kimsə bilməzdi səni eşq ilə əngüştnüma, Ey edən, qaşı hilalım, səni dürdanə mənəm.

Etmisən hüsn ilə bu aləmə şöhrət məndən, Yeri vardır edəsən axırı nifrət məndən.

Qönçə vəqti, bu yəqindir, gül olur xar ilə, O zaman kim açılar, yar olur əğyar ilə. Bağban zəhmət ilə gülbünü bəslər daim, Açılıb həmdəm olur gül, vəli, əttar ilə. Tərbiyət lütf ilə dəryadə edər dürrü sədəf, Çıxıban həmdəm olur şahi-cahandar ilə. Çox da, ey ruhi-rəvan, hüsnüvə məğrur olma, Qalmasan gül kimi bu çöhrəvü rüxsar ilə! Ta gələr xətt, düşərsən o lətafətdən sən, Baği-hüsnün dolacaqdır xəs ilə, xar ilə. Zülməti-xəttin olur mahi-münir üstə hicab, Qalısan aləm-ara dərdi-şəbi-tar ilə. Sonra çox axtarırsan hüsnüvü, həm üşşaqi, Almaq olmaz onu yüz dirhəmü dinar ilə. Müştəri qəht olu ol iki əqiqi-ləbinə, Qalmasın gərm lətafətdə bu bazar ilə.

Sənə ondan sonra bir kimsə xiridar olmaz, Dəxi bu rövnəqi-rüxsar, bu bazar olmaz.

Bu qədər təngə gətirmə məni, ey qönçədəhan! Çünki mən istəmirəm faş ola əsrari-nihan, Bilsə əhvalımı ol mənbəyi-əfzalü səxa, Mənim əhvali-pərişanıma eylər saman. Ol səxa kani ki, aləmdə onun feyzindən Şadü xürrəmdü hamı mərdümi-şəhri-Şirvan. Seyyidə, alimə, hər növ fəqirə hər il, Əl tutar, sim verər, lütf ilə eylər ehsan. Getməyib Məkkəyə bir kimsə onuntək getməz, Xəlqi sirab eləyib, dövlət ilə oldu rəvan. Edər ənam mənə, xatirimi şad eylər. Tapılır camdə mey, evdə dəxi süfrədə nan. Gəlüsən onda visaqimə mənim izzət ilə, Görəcəksən ki, olur nöqlü məzə zinəti-xan. Həqq onu şad eləsin ki, məni çox şad eləyib, Nəzəri-mərhəməti Seyyidə var bipayan. Sadiqin toyunu etsin ona Allah nəsib, Şad olaq, eyş qılaq bərbətü tarü xoşxan. Düşməni-bəxti görüb dövlətini xar olsun, Ey xuda hasidinin mənzili olsun niyran. Həzrəti-Xızr kimi ömr eləsin aləmdə, İstəkanında ola çayı zülali-heyvan.

Görməsin gülşəni-iqbali xəzandan xələli, Bəhəqi-seyyidi-səccad Hüseyn ibn-Əli.

Seyyida, çünki bu tərcii sən etdin təhrir, Qıl xiyabani-behişti kim hər yan təstir. Göndərib şerüvi qıl Hacı Rizadən xahiş, Xidməti-Hacı Əhəddə edə anı təqrir. Çünki var onda fəsahət, oxur əşarı gözəl, Pakdil, pakgühərdir özü bir pakzəmir. Var ümidim ki, Əhəd pakə xudavəndi-əhəd, Dövlət ilə verə əbnayi-zamandan tövfir. Ruzi-əzzəldə onun tiynətini dəsti-qəza Abi-əltafi-səxa ilə edibdir təxmir. Ona yox lütfü əta, cudü səxavətdə şəbih, Ona yox feyzü səxa, bəzlü inayətdə nəzir. Necə ki Seyyidi-şəhri-şüərayi-Şirvan, O sifət Hacı Əhəd oldu səxavətdə şəhir. Bilmirəm nəsli-Hüseynə edəcək Hacı əta, Maneyi-xeyir əgər olmasa bir Şümri-şərir.

Seyyida, xətmi-kəlam eylə ki gəldi bu nida; «Lənətüllahi əla manei-xeyrən əbəda».

Seyid Əzim Şirvani
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.