Əsas məzmuna keç

Gəraylı

Gürcücə oxuyan aşıq

Zəlimxan Yaqub

1
(Turşməzə şeir)

Qabalda bir aşıq gördüm, Gürcücə oxuyan aşıq. Məclislərin məzəsiydi, Gürcücə oxuyan aşıq.

Cərgə-cərgə yardı bizi, Oynatmaqdan yordu bizi. Güldürməkdən qırdı bizi, Gürcücə oxuyan aşıq.

Qoçtək döyüşmək istədi, Mənlə deyişmək istədi. Tarixə düşmək istədi, Gürcücə oxuyan aşıq.

Nə kökdü, nə də arıqdı, Bir azca boydan qırıqdı. Zarafatda fısqırıqdı, Gürcücə oxuyan aşıq.

Gözü gözəldə, xaldadı, Həngamə hələ daldadı. Kim axtarsa, Qabaldadı Gürcücə oxuyan aşıq.

Şirin cana qəsd elədi, Məzələndi, məst elədi. İki xalqı dost elədi, Gürcücə oxuyan aşıq.

Söhbət açdı obasından, Şeir dedi babasından. Coşdu sazın havasından Gürcücə oxuyan aşıq.

“Ekvsi qoqos erti Eteri, Titon lamaziya qarqiya peri”. Yandırırdı göyü, yeri Gürcücə oxuyan aşıq.

“Ekvsi qoqo”, – deyə-deyə, Ün salmışdı yerə-göyə. Bənzəyirdi təzə bəyə Gürcücə oxuyan aşıq.

“Modi, modi çemtan ninazi” Deyib çağırdı Ednazı. Zilə çəkdi telli sazı Gürcücə oxuyan aşıq.

Dağ çiçəyi qoxuyurdu, Söz xalısı toxuyurdu. Gözəllərdən oxuyurdu Gürcücə oxuyan aşıq.

Sevgi yolunda yorğundu, Qızların üstə qırğındı. Gürcü qızına vurğundu Gürcücə oxuyan aşıq.

Hər sözü can, canan olub, Güldən gülə qonan olub, Dönüb şeyx Sənan olub Gürcücə oxuyan aşıq.

Zəlimxanı alqışladı, Söhbətini naxışladı, Bizə dünya bağışladı Gürcücə oxuyan aşıq.

2006, 11 oktyabr

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.