Əsas məzmuna keç

Heca şeiri

Günlərin ağsaqqalı

Zəlimxan Yaqub

1
“Ən əziz, ən şirin, ən acı günlər” şeirinin müəllifi Cabir Novruza 1971-ci ildə sevimli Xalq şairimiz Söhrab Tahirin anası Nəsibə xanım 26 illik ayrılıqdan sonra Təbrizdən Bakıya şair oğlunun görüşünə gəlmişdi. Bu gəliş bütün Azərbaycan şairlərini həyəcana gətirmiş, Söhrab Tahirin qələm qardaşları, könül dostları bu göynərtili hadisəyə ən isti misralar həsr etmişdilər. Ən gözəl şeirlərdən birini mərhum Xalq şairimiz Cabir Novruz yazmışdı. “Ən əziz, ən şirin, ən acı günlər” adlı bu şeir mətbuatda dərc olunan günün səhəri ayrılıqla, həsrətlə bağlı iki dost və ustad şairin yaşadığı həyəcanlı duyğuları mən də yaşadım. 32 il bundan əvvəl Cabir Novruza həsr etdiyim bu şeiri bir təsadüf nəticəsində arxivimdən tapmışam. Nəsibə ana da, Cabir Novruz da artıq haqqın dərgahına qovuşublar. Onlara Allahdan rəhmət diləyir, ruhlarını şad eləmək üçün bu şeiri əziz oxucularımın ixtiyarına verirəm.

Şair dostum, canım qurban olaydı, Sevincimiz bulaq olan günlərə. Gəlişində görüş, sevgi gətirən, Hər ağrıdan uzaq olan günlərə. Səksən yaşlı bir nigaran ananın Öz evində qonaq olan günlərə. Ana görən qırx yaşında kişinin Sevincindən uşaq olan günlərə. Odun olub atılaydı bədənim Ürəyimiz ocaq olan günlərə.

***

Öz evində gəldi-getdi olarmı? Niyə gəldi, niyə getdi bir ana?! Bahar olmaz, çiçək açmaz bağları, Dərd əlindən könül qalsa virana. Şair qardaş, ana əli dəyməsə, Kimlər gəlib məlhəm qoyar yarana? Oğul saçı daraq, külək istəməz, İstər ana barmağıyla darana. Söylə, kimdi günahkarın, əzizim, Ayrılığı kim salıbdır arana?!

***

Nə əridin, nə utandın, nə bezdin Sərt qayalar inadınmı, ayrılıq?! Başım üstə nə havalı gəzirsən, Əsən külək qanadınmı, ayrılıq?! Qardaşımın mənsiz keçən illəri, Neçə ildi, sanadınmı, ayrılıq?! Göynədimi, sızladımı ürəyin, Heç mənimtək qanadınmı, ayrılıq?!

***

Sənin hökmün dağlar çəkdi sinəmə, Bostan kimi uraladın könlümü. Qara çəkdin ağ bəxtimin üstünə, Əllərinlə qaraladın könlümü. Döyünərmi ürək iki bölünsə, Qılınc vurdun, paraladın könlümü. Baş ağılsız, bədən ruhsuz neyləsin? İstəyindən araladın könlümü. Tərlan olub havalanmaq istədim, Qanadından yaraladın könlümü.

***

Bəsdir, daha inadından əl götür, Qoy, az çoxa, çox da aza qovuşsun. Bir yerindən qovuşmaqla neyləyər? Min yerindən Kür Araza qovuşsun. Od nəfəsi sal buzları əritsin, Qız oğlana, oğlan qıza qovuşsun. Aşıq könlü yetim qalar nəğməsiz, Eşqi, ruhu telli saza qovuşsun. O taydakı qardaşımın qış günü, Bu taydakı güllü yaza qovuşsun.

***

De, nə qədər qardaşımız, bacımız Çörək deyib, özgələrə əl açsın? Qələm çəkən ayrılığa, həsrətə Sevincindən daşlar belə dil açsın. Bayram etsin Azərbaycan torpağı, Süfrəsini oba açsın, el açsın. Sözümüzdə o tay-bu tay olmasın, Əməl bağı başdan-başa gül açsın.

***

Onda qoşaq nəğməsini, şeirini O oğullu, o analı günlərin. Rəngi, ruhu bu dünyanı bəzəsin O bəzəkli, o xınalı günlərin. Şərik olaq sevincinə, dərdinə, Dərdimizdən yaxşı hali günlərin. Hansı gün ki, yola saldıq həsrəti, O gün olsun ağsaqqalı günlərin!!!

1971

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.