Günay Zəlimxanqızına
Göynən gedən buludlar, Niyə danışmırsınız? Yerdə çiçəklər, otlar, Niyə danışmırsınız?
Günay Zəlimxanqızı
Çiçəyi dindirsələr, Çiçək danışar, qızım! Küləyi dindirsələr, Külək danışar, qızım!
Daşın da, torpağın da, Danışmağa dili var. Hər birinin həsrəti, Sevinci, nisgili var.
Bürkünün, soyuğun da, İstinin də dili var. Odun da, ocağın da, Tüstünün də dili var.
Nəyi bilmək istəsən, Bir-bir gətirim yada. Dilini bilən olsa, Dilsiz nə var dünyada.
İndidən ki sən belə, Daşa, torpağa yarsan – İnşallah! Gün gələr ki, Daşı danışdırarsan!