Gülxanım
Səhər-səhər sığal verir Ayna qabağa Gülxanım. Tay olmaz dağlarda lala Gülgəz yanağa Gülxanım!
Vəsfin yayılıb mahala, Maşallah o xəttü xala. Müştaqam ləbində bala, Qaymaq dodağa, Gülxanım!
Mələkzada, huri, qılman, Qəza qəddim qılıb kaman. Məni həsrət qoyma, aman, Büllur buxağa, Gülxanım!
Xub çəkilib qəddi-dallar, Ağ üzündə qara xallar. Mədhin eşidən cahallar Düşüb sorağa, Gülxanım!
Ələsgərəm, qadan allam, Getmərəm, yanında qallam. Pərvanəyəm, qurban ollam Şama, çırağa, Gülxanım!