Əsas məzmuna keç

Qoşma

Gülpəri

Aşıq Ələsgər

1

Tanrı səni qüdrətindən yaradıb, Gözəlliyinə yox bəhana, Gülpəri! Dodaqların batıb bala, qaymağa, Qənd əzilib dil-dəhana, Gülpəri!

Ay gözəl, əlindən çəkirəm aman, Səndən ayrılalı halımdı yaman. Kirpiklərin oxdu, qaşların kaman, Gözlərin qəsd eylər cana, Gülpəri!

Sızıldar həmişə, şan çəkər arı, Gövhəri axtarıb tapar xirdarı. Vallah, sənin kimi vəfalı yarı Dəyişməm sultana, xana, Gülpəri!

Ay gözəllər xası, əziz, mehriban, Olmaz bərabərin huri, nə qılman. Oğrun baxıb güldün yaşmaq altından, Bir od saldın din-imana, Gülpəri!

Tovuz kimi sərdə telin oynaşır, Onda eşqin bəhri qaynayıb daşır, Yazıq Ələsgərəm, xəyalım çaşır, Getmə göz önündən yana, Gülpəri!

Aşıq Ələsgər
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.