Güllələnmə
Görəsən, bu sözü birinci dəfə, Hansı dil qabardıb, hansı əl yazıb? Hansı tarix olub, hansı ərəfə, Hansı bayquşnəfəs, bədəməl yazıb?
Nə qədər ürəyi alıb nişana, Nə qədər göz qorxub güllə sözündən. Millətin mənliyi bələnib qana, Keçib taleyimiz güllə gözündən.
Boyu dağlar kimi möhtəşəm, uca, Səsi çaylar kimi gurdu, güllələ! İstər cavan olsun, istərsə qoca, Varlığı, işığı, nuru güllələ!
Gözü iti görür, gözünə tuşla, Qəddi çinar kimi şaxdı, güllələ! Sözü daşdan keçir, sözünə tuşla, Yolu həqiqətdi, haqdı, güllələ!
Qoyma yeriməyə, qoyma uçmağa, Torpaqda güllə vur, havada güllə. Qoyma üfüqlərdə qanad açmağa, Müşfiqə güllə vur, Cavada güllə!
Tərsinə yazıldı, yazılan yazı, Əyilməz dağları əydi güllələr. Sibirdə çürütdü Salman Mümtazı, Cavidin xalqına dəydi güllələr.
Eşitsin, düşmənin qulağı karsa, Dişi qana batıb, əlində qan var. Harda güllələnən türk oğlu varsa, Orda bir Markar var, bir Balayan var.
Bağlanıb əl-ayaq, susub ağız-dil, Pələngi qəfəsdə boğdurub pişik. Beş dəfə, on dəfə, yüz dəfə deyil, Bəlkə, beş min dəfə güllələnmişik.
2002, 13 aprel