Güllə dəydi
Allah! Sən özün yetiş hayıma, harayıma, Mülkümə, sərvətimə, varıma güllə dəydi! Haqqımı tələb edib birliyə can atanda, Bütövüm paralandı, yarıma güllə dəydi!
Qanlı bir yuxu gördüm, yuxu yozanım, haray, Ustad Dədə Qorqudum, ulu ozanım, haray, Gəlsin Tüpdağıdanım, Halaypozanım, haray, Qüdrətimə xal düşdü, arıma güllə dəydi!
Yollar qaldı uzaqda, əllər qaldı ətəkdə, Düşmən hər gün oyunda, fırıldaqda, kələkdə. Yana-yana kül oldu körpələrim bələkdə, Qızıma, gəlinimə, qarıma güllə dəydi!
Bir düşmən gülləsindən neçə can yaralandı, Seyid, Cabbar, Üzeyir, Zülfü, Xan yaralandı. Ana tarın atası Sadıqcan yaralandı, Muğamatım göynədi, tarıma güllə dəydi!
Qarabağın düzləri qızıl-ala qan oldu, Mərdlərin yurduna bax, namərdə meydan oldu. Gül kimi gözəllərin sinəsi şan-şan oldu, Pətəyimə, balıma, arıma güllə dəydi!
Ürəyindən vuruldu igidlərin dəstəsi, Bilinmədi öləni, yaralısı, xəstəsi. Könüllərin yarıdı “Qarabağ şikəstəsi”, Mənim şikəstə adlı yarıma güllə dəydi!
Nəğmələrin başında Şuşa adlı tacıydım, Yaraya məlhəmiydim, ağrıya möhtacıydım. Qafqazın qucağında ən barlı ağacıydım, Bağbanıma, bağıma, barıma güllə dəydi!
Güllə atan erməni, güllə satan rus oldu, Şərəfli bir millətə şərəfsiz casus oldu. Ayağa düşən papaq, tapdanan namus oldu, Allahım göydə susdu, tanrıma güllə dəydi!