Güllə
Bizi döydü, yaman döydü, Qapımızı döyən güllə. Qana saldı bu torpağı, Qandan libas geyən güllə.
Bu xına ayrı xınadı, Düşmən güldü, dost qınadı. Gücünü bizdə sınadı, Mənəm, mənəm deyən güllə.
Dünyanı qana buladı, Vay saldı, meydan suladı, Canavartək hey uladı Haqqımızı yeyən güllə.
Biçir, sanki biçindədi, Şəhidlərin köçündədi, Qəlbimizin içindədi, Qəddimizi əyən güllə.
Yağı kəsdi önümüzü, Haqq, götürmə ünümüzü, Bircə gündə günümüzü Göy əsgiyə düyən güllə.
Bu nalələr susandımı? Qan axıtmaq asandımı? Vəhşidimi, insandımı? Kimdi sənin yiyən, güllə?!
Neçə qəbri sıraladı, Eldən, gündən araladı. Yüz milləti yaraladı, Bir millətə dəyən güllə.