Gülə bənzər
Ey yaranlar, yaxşı yarın, Qoynu cənnət, gülə bənzər, Sözləsə, dürlər saçılar, Dilləri bülbülə bənzər.
Eşq odu yandırdı bizi, Sormasınlar məndən sözü, Yarın gözəl qızıl üzü Sanki aya-günə bənzər.
Nələr çəkdim dərdi-fəraq, Yetər desəm, yolum iraq, Qələm qaşlı, badam qabaq, Saçları sünbülə bənzər.
Yanan yox dünyada bunca, Didar görmək yox doyunca, Dişləri dür, ağzı qönçə, Beli incə qıla bənzər.
Gözü nərgiz, boyu şümşad, Kirpikləri misli polad, Pəri-peykər sərvi-azad, Dəstə-dəstə gülə bənzər.
Köksündə var qoşa narı, Ağ üzündə cürə xalı, Ləblərindən axan balı, Şəhd ilə şəkərə bənzər.
Məxdumqulu yollar yorub, Tapammadı yarı sorub, Döşəyini yola qurub, Yol tapmayan kora bənzər.