Gözümə az dəyir qarapapaqlar
Hər dəfə şəhərdən kəndə dönəndə, Üzür ürəyimi bir nigaranlıq. Baxıram, özümə yazığım gəlir, Duyuram, qəlbimə çökür qaranlıq. Yorğun xəyalıma gör nələr düşür, Dünənə qayıdır fikrim bir anlıq. Ağır yerişindən yer ləngərlənən, Hanı o qaməti, duruşu şaxlar, Göyəmi çəkilib bin-bərəkəti? Gözümə az dəyir qarapapaqlar!
Mən papaq deyəndə ata yurduna, Sonsuz sədaqəti salıram yada. Ana-bacılara ər vəfasını, Namusu, qeyrəti salıram yada. Necə sevinərdik kişi görəndə, Papağa hörməti salıram yada. Baxardıq dağların zirvəsi kimi, Hər kimin saçında görünəndə qar. Oynamır qamçısı, kişnəmir atı, Gözümə az dəyir qarapapaqlar!
Nağıl yaraşıqlı, dastan şırğalı, Bayatı ətirli söhbət istərəm. Kişi təpərindən, ər nəfəsindən, Qəlbimə, ruhuma qüvvət istərəm. Müqəddəs sayılan el adətinə, Əzəli, əbədi hörmət istərəm. Böyüksüz od-ocağın, böyüksüz evin, Təməli dağılar, özülü laxlar. Varlana-varlana yoxsullaşırıq, Gözümə az dəyir qarapapaqlar!
Cavanlar dağılıb, qocalar köçüb, Yoxsul görməmişdim bu kəndi belə. Toylar, toyxanalar uşaq yığnağı, Kişilər nə yaman tükəndi belə. Qəlbimdə dədələr həsrəti ki var, Mənim də qəddimi bükəndi belə. Aylar da, illər də düzülər səfə, Gün gələr, qocalıq məni də haqlar. Bizi nə gözləyir, onu bilmirəm, Gözümə az dəyir qarapapaqlar!
Gör-götür dünyası göstərib bizə, Elin başbiləni başda tac olub, Sağlam toxum kimi düşüb torpağa, Hər sözü bar verən bir ağac olub. Əsil ağsaqqala, ağsaqqallığa, Nəsildən-nəslə ehtiyac olub. Oğullar görmüşəm, bir kəndin deyil, Çiynində mahalın yükünü saxlar. Aqil babalarım, de, hardasınız? Gözümə az dəyir qarapapaqlar!
Uzağa düşəndə süddən, sümükdən, Bir xalqın həyatı tükənə bilər. Canında məhəbbət, gözündə heyrət, Dilində bayatı tükənə bilər. Bəmində laylası yadına düşməz, Zilində “Heyratı” tükənə bilər. Özünü tanımaz, özgəni görməz, Qəlbi gen olarmı, düşüncəsi dar? Döyünün, çırpının böyük ürəklər, Gözümə az dəyir qarapapaqlar!