Əsas məzmuna keç

Qoşma

Gözlərimiz kor olur

Zəlimxan Yaqub

1
İşləmək üçün yazı masasının arxasına keçdim. Eynəyi gözümə taxanda iki yaşlı nəvəm Zəlimxanın səsini eşitdim: “Baba, sən korsan?” Uşaqlara məxsus gözlənilməz bu sual məni yerimdən oynatdı. Xəyalım məni uzaqlara apardı. Gözlərimin azalan nurunu və nəvəmin sualının cavabını axtarmağa başladım.

Körpə balam, hardan gəldi ağlına, Bu suala cavab vermək zor olur. Daraldıqca cavanlığın meydanı, Baxışımız duman olur, tor olur.

Suallara, cavablara veririk, Dağdan ağır əzablara veririk, Nurumuzu kitablara veririk, Kirpiyimiz kül qarışıq qor olur.

Keçdiyimiz yoldan, izdən başlanır, Aşdığımız dağdan, düzdən başlanır. Mənim balam, ölüm gözdən başlanır, Əzəl-axır haq yerimiz gor olur.

Ömür keçir, möhlətini bitirir, Karvan gəlir, son mənzilə yetirir, İşığını itirdikcə itirir, Yavaş-yavaş gözlərimiz kor olur.

2010, 15 mart

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.