Gözlərimi özün qapa
Dedim gəl bir seyrə çıxaq, – Yox, gələ bilmərəm, – dedi. Dedim nazı bir yana qoy, – Yox, gələ bilmərəm, – dedi.
– Qapım açıq, baxtım açıq, Sevmir mənim baxtım açıq, İşıq kimi baxtıma çıx. – Yox, gələ bilmərəm, – dedi.
– Dağları en, dərəyə gəl, Ovçun mənəm, bərəyə gəl, Yaşıl bir mənzərəyə gəl, – Yox, gələ bilmərəm, – dedi.
– Budaqlardan dərim gülü, Qədəminə sərim tülü, Gəl sevindir bu könülü. – Yox, gələ bilmərəm, – dedi.
– Əcəl yatmır ipə-sapa, Kim itirə, kimlər tapa, Gözlərimi özün qapa. – Yox, gələ bilmərəm, – dedi.
– Dözümüm, səbrim üstə gəl, Zəhmətim, cəbrim üstə gəl, Ölürəm, qəbrim üstə gəl. – Yox, gələ bilmərəm, – dedi.