Gözlə, gözlə sən
Səyyadısan, tor qurubsan, Dağı gözlə, gözlə sən! Bəzirgansan, yolun kəsər Yağı gözlə, gözlə sən! Hərcayıynan aşna olma, Namərdə bel bağlama; Müxənnət qatar aşına Ağı, gözlə, gözlə sən!
Hanı Həsən, hanı Heydər, Hanı Sərdar Mustafa? Sayeyi-mərhəmətindən Bir müddət sürdü səfa. Axırını zay eylədin, A bimürvət, bivəfa! Aç sinəmdə düyünə bax, Dağı gözlə, gözlə sən!
Kığ satan, çaşır satanlar Deyir "qaxdağan" bizə, Çay içib, pilov yeyənlər Heç göstərmir nan bizə. Olsa nüsrət, versə fürsət Qadiri-sübhan bizə, Çoxuna eyləyəcəm Nasağı, gözlə, gözlə sən!
Edir tüğyan, vermir aman, Talan edir elləri, Başlar kəsir, dardan asır, Qırır ata belləri, Dağlar alır, nərə salır, Nahaq kəsir dilləri, Dəfi dönən, çərxi çönən Çağı gözlə, gözlə sən!
Ələsgərnən bəd başladın Cavan vaxtından, fələk! Düşkün çağı əlin üzdün Xabi-raxtından, fələk! Neçə-neçə süleymanlar Saldın taxtından, fələk! Onlar oldu dərdü qəm Dustağı, gözlə, gözlə sən!