Əsas məzmuna keç

Qoşma

Gözəlsən

Məxdumqulu Fəraqi

1

Gün xəncəri göydən yerə enəndə, Günə qarşı qardaş ayı, gözəlsən. Usta Cəfər işi, sincab cübbəsi, İsfahanda qurulan yayı, gözəlsən.

Saçbağın ucunun simdir eşməsi, Üstündən yol düşsə, zordur aşması, Ağzın abi-həyat, zəmzəm çeşməsi, Eynəl-baqi suyun layı, gözəlsən.

Qızıl desəm qızıl, al desəm alsan, Hindistanda şəkər, Bulğarda balsan, Eşq ilən açılan bir tazə gülsən, Yusif–Züleyxanın tayı, gözəlsən.

Hər kim güclü olsa, ona «pir» derlər, «Dərdli qulun dərmanını ver» derlər, «Qovunun yaxşısın çaqqal yer» derlər, İqballı bəndənin payı, gözəlsən.

Şöhrətin Çin-Maçin, dağlar aşası, Səni görənlərin ağlı çaşası, Hindistanın rəngli qızıl şişəsi, Ətirli çilimin nayı, gözəlsən.

Məxdumqulu xəlqdən sirrin qızləsə, Verin cəzasını yalan sözləsə, Əvvəldə, axırda yiyəm gözləsə, Qərib biçarənin payı, gözəlsən.

Məxdumqulu Fəraqi
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.