Gözəlsən
Qoşa xəlq eyləyib Yaradan sizi, Dünya da gözəldi, sən də gözəlsən. Ey dərya gözəli, ey su pərisi, Dərya da gözəldi, sən də gözəlsən.
Dodağın duzludu, suyun sərindi, Qorxuram batmağa, qoynun dərindi. Dalğatək burulan hörüklərindi, Dalğa da gözəldi, sən də gözəlsən.
Hər incə yerişin bir naz havası, Hər şirin gülüşün bir saz havası, Hər isti nəfəsin bir yaz havası, Hava da gözəldi, sən də gözəlsən.
Nazlı mələk olub göyə çıxırdın, Yerə də, göyə də yiyə çıxırdın, Sən Allah, yuxumdan niyə çıxırdın, Röya da gözəldi, sən də gözəlsən.
Təzəcə açılmış laladı dünya, Atadı, anadı, baladı dünya, Zəlimxan gözündə əladı dünya, Əla da gözəldi, sən də gözəlsən.
2010, 9 dekabr