Əsas məzmuna keç

Heca şeiri

Gözəllik önündə

Zəlimxan Yaqub

1

Bu Oğuldərədən söhbət açmağa İlhama söykənən ağıl gərəkdi. Üzündən, gözündən şeriyyət yağan, Bir döşü atlanan oğul gərəkdi.

Burda mən kim idim, danışam, dinəm, Şair də, rəssam da təbiət idi. Tez-tez qabarırdı fərəhdən sinəm, Hər suyun axarı bir hikmət idi.

Bu Qızılqayadı, bu Qatar qaya, Hər biri qol açıb gəl-gəl deyirdi. Baxmaq istəyəndə gözəl dünyaya, Uç mənim qoynumda, yüksəl deyirdi.

Göylər səyirdirdi belədən-belə, Külək qamçısıydı, bulud atıydı. Mən fikir verirdim yağışa, selə, Hər anı bir qoşma, bir bayatıydı.

Qalxıb ucalara, enib dərinə, Həvəslə hər yana göz gəzdirirdim. Sinəmin altında ürək yerinə, Ocaq alışdırıb, köz gəzdirirdim.

Bu Oğuldərədən söhbət açmağa İlhama söykənən ağıl gərəkdi. Üzündən, gözündən şeriyyət yağan, Bir döşü atlanan oğul gərəkdi.

1977, 23 iyul Laçın

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.