Əsas məzmuna keç

Gəraylı

Gözəllik duyulan yerdə

Zəlimxan Yaqub

1

Çirkin dönüb göyçək olar, Qanqal dönüb çiçək olar, İnsan dönüb mələk olar, Gözəllik duyulan yerdə.

Qış gəlib yaza çevrilər, Kötüklər saza çevrilər. Qarılar qıza çevrilər, Gözəllik duyulan yerdə.

Ümid coşar, həsrət ölər, Yamanlığa dəvət ölər. Kin susar, ədavət ölər, Gözəllik duyulan yerdə.

Könül sevər, göz vurular, Bulanlıq sular durular. Dünya saflıqdan qurular, Gözəllik duyulan yerdə.

Əridərik qəzəbləri, Unudarıq əzabları, Qazanarıq savabları, Gözəllik duyulan yerdə.

Nə suç, nə də tamah olar, Nə zor, nə də silah olar, Şair dönüb Allah olar, Gözəllik duyulan yerdə.

2004, 1 oktyabr Cenevrə

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.