Gözəllik dəlisi
Bu an, bu saat, bu gün zaman məndə yerləşir, Əvvəlin axırıyam, axırın əvvəli, heeey!!! Allah özü göndərib bu yerləri görməyə, Başımın üstündədir Yaradanım əli, heeey!!!
Günəş olub doğmuşam, bulud olub yağmışam, Cahana sığmasam da, gözəlliyə sığmışam. Gördüklərim nə varsa gözlərimə yığmışam, Qəlbimə toplamışam sərvəti heeey, ləli, heeey!!!
Gözüm hər addımbaşı gözəlliyə tuş oldu, Xəyalım əsən külək, fikrim uçan quş oldu, Burda Zəlimxan adlı bir şair bihuş oldu, Dəli mənəm! Dəli mən! Dəli mənəm! Dəli, heeey!!!
2004, 6 oktyabr