Əsas məzmuna keç

Qoşma

Gözəlləşdirər

Zəlimxan Yaqub

2

Baxarsan bağ olar quru səhralar, Eşqimiz bu bağı gözəlləşdirər, Qəlbimiz qələmə təpər gətirər, Sözümüz varağı gözəlləşdirər.

Dünya dilimizə danışıq verər, Axşam od paylayar, dan işıq verər, Şəvə saçımıza dən işıq verər, Yüz qara bir ağı gözəlləşdirər.

Durular, saflaşar qəlbin aləmi, Heç olar kədəri, puç olar qəmi, Yerdə şehə dönər buludun nəmi, Damlası yarpağı gözəlləşdirər.

Duyğular köklənər inamın üstə, Gecə də gün doğar ilhamın üstə, Ürək yandırarıq hər şamın üstə, Nurumuz çırağı gözəlləşdirər.

Yer bizim, göy bizim, neçə ki varıq, Ətəkdə çiçəyik, zirvədə qarıq. Dünyadan köçəndə yaddan çıxmarıq, Ruhumuz torpağı gözəlləşdirər!

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.