Əsas məzmuna keç

Qoşma

Gözəllər

Aşıq Ələsgər

1

Səhər vaxtı, mənim müşkül çağımda, Çıxdınız qarşıma dəstə, gözəllər! Camalın şöləsi nuri-təcəlla, Görsə, şəfa tapar xəstə, gözəllər!

Qəmgin idim, sizi görüb gülürəm, Qaşınız qiblədi, səcdə qılıram, İkram ilə sizə sarı gəlirəm, Siz də gəlin asta-asta, gözəllər.

Minəş günə bənzər, Əsli bir Aya, Şəms olub, aləmə salıbdı saya. İncimərəm, qəsəm olsun xudaya, Qədəm basa gözüm üstə gözəllər.

Sizi gördüm, çaşdı ağlım, kamalım, Güllüyə qurbandı dövlətim, malım. Olmayaydı bir qocalıq, bir ölüm, Yaşayaydı bu həvəsdə gözəllər!

Pərzad məlakədi, Gövhər bir xanım, Görən kimi yandı dinim, imanım. Yazıq Ələsgərəm, sərgərdan canım Qurban sizi kimi dosta, gözəllər!

Aşıq Ələsgər
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.