Əsas məzmuna keç

Müxəmməs

Gözələ

Aşıq Ələsgər

1

Canımı qurban elərəm, Bir belə tərlan gözələ; Hal bilən, şirin gülən, Dosta mehriban gözələ; Boy uca, gərdən mina, Zülfü pərişan gözələ; Dolanıb mürği-ruhum, Olubdu mehman gözələ; Xəstəyəm, yalvarıram Həkimi-Loğman gözələ.

Gözəl xanım cilvələnib Gözəllərin xası kimi; Görəni Məcnun eyləyir, Leylinin sevdası kimi; Ala gözlər şölə çəkir Göyün Sürəyyası kimi; Çəpgəni hər rəng çalır, Peyğəmbər xirqası* kimi; Baratdı, Behişdən gəlib, Geydirib qılman gözələ.

Gözəl kəklik al geyinib Gözəllər xasından gözəl; Silkinir, gərdən çəkir Göllər sonasından gözəl;

Qabliyyət, mərifət tapıb Ata-anasından gözəl; Libas əndamına layiq Əndam libasından gözəl; Gözəlliyi cəm veribdi Xaliqi-sübhan gözələ.

Qəmgin idim, xələt verdi, Məlul könlüm aşdı gözəl, Arifsən, əhli-ruhsan Can sənə peşkaşdı gözəl! Ay qabaq şölə verir, Qaşın göyçək qaşdı, gözəl! Nə qədər gözəl görmüşəm, Hamısından başdı Gözəl; Cavanşir gözəllərinin Cəmisi qurban gözələ!

Fələkdən gileyliyəm, Mənə günü qara verib; Mömini zəlil eyləyib, Suru günahkara verib; Tərlanı sara yazıb, Tər qönçəni xara verib; Ələsgər Məcnun olub. Meylini dağlara verib; Tərk edib ibadəti Bağlayıb dastan gözələ.

Aşıq Ələsgər
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.