Gözəl
Yaraşır əndamına Geyindiyin sarı, gözəl! Yaradan verib sana Belə ixtiyarı, gözəl! Dolub əttar sinənə Bağçaların barı, gözəl! Lütf eylə, mən xəstədən Əsirgəmə narı, gözəl! Tök mətahın xırd eylə Aç indi bazarı, gözəl!
Səni görəndən bəri Olmuşam dəli-divana; Az qalıb Kərəm kimi Od tuta, cismim yana; Kafər görsə rəhm elər Mənim kim müsəlmana; Bir üzünü bəri döndər, Səni and verrəm Qurana! Məcnun tək firqətindən Gəzərəm dağları, gözəl!
A bimürvət, az qalıb Canımı ala gözlərin; Salıbdı mən yazığı Nə qalmaqala gözlərin; Mən qiymət qoyammaram, Dəyər mahala gözlərin; Yüz ilin xəstəsini Gətirir hala gözlərin; Bir də görsəm üzün, Çəkmərəm azarı, gözəl!
Əl uzaq, qəlbim yaxın, Bələdəm hər bir halına; Görcəyim valeh oldum Həbəşi xəttü xalına; Zənburam, sızıldaram Dodaqlarının balına; Yaylaqlar ceyranısan, Əhsən o gül camalına! Mərmərdən bəyaz sinə Savalanın qarı, gözəl!
Ağlımı sərdən aldı, Baxdım gözün alasına; Canı qurban elərəm Belə gözəllər xasına; Libas əndama uyur, Əndam uyur libasına; Ələsgər Məcnun olub, Düşüb Leyli sevdasına; Sayiləm, bir sayə sal, Üz döndərmə barı, gözəl!