Gözdə rüxsarın durur, könlümdə mehrin hər qədər
Gözdə rüxsarın durur, könlümdə mehrin hər qədər, Könlüm olmuş həm əsiri, gözlərim qan-yaş tökər.
Könlümün al qanına, göz yaşıma bax, bil mənim Gözdə bir başqa qəmim, könlümdə var başqa kədər.
Yandırıb xakistərə döndərdi qəmlər cismimi, Mə’rifət əhli gülümdən gözlərə sürmə çəkər.
Eyş odundan bir əsər vardır könüldə mütləqa, Sürmə olduqda külüm gözlərdə parlar bu əsər.
Hasilim hüsnün təmənnasında olmuş ey pəri, Kirpiyimin hər ucunda qətreyi-xuni-cigər.
Qəlb odundan bir şərərdirmi cigər qanım mənim Bunca şəm’i yandırıb yan-yanə düzmüş ol şərər.
Yüz qapı açmış sinəmdə ox kimi kirpiklərin, Ta görünsün harda sakindir bu qəlbi-dərbədər.
Yağdırır hərdəm fələk bağrına təb’in ah oxu, İllət oldur kim, fələkdən eyləyir, canım həzər.
Çərxi incitməkdən hasil yox əziyyətdən səvay, Şişəni qırsan olar hər parəsi bir niştər.
Kimsə baxmazmı saman rəngi alan rüxsarıma, Düşdü xaki-payinə oldu qızıltək mö’təbər.
Kimyagər asitanımdan gərəkdir dərs ala, Çün samandan saf qızıl hazırlamaqdır bir hünər.
Mən məlamət bəzminin bir şəm’iyəm, fərq eyləməz, Ya məni yandır və ya kəs başımı ey simbər.
Şiveyi-eşqi gərək öyrənsin aşiq şəm’dən, Badə getdikdə başı dirçəlsin, olsun xuncigər.
Heyf kim, bir ləhzə könlüm qəmdən azad olmadı, Izlədi bu köhnə dünyada onu min fitnə, şər.
Kütləşib artıq qılınc tək doğrayan kəskin dilim, Tə’n oxuna bihünərlər cismimi etmiş sipər.
Göz yaşımın gövhərinə yoxdur artıq müştəri, Toplanıb qalmış bəbəklərdə o qiymətli göhər.
Qorxudan göz yummuşam didarına dilbərlərin, Hər pəri ardınca bu dünyada yüz şeytan gəzər.
Qoymayırlar əhli-zövqü kamə çatsın dəhrdə, Bu inad əhli mənə hər anda vermiş min zərər.
Yə’s vadisində kami-dil təmənna eyləmə, Bu şoranlıq çöldə ümmid ağacı verməz səmər.
Yar yoxumdur ki, ona əğyar zülmündən deyim, Qalmışam naçar edim bu ölkədən meyli-səfər.
Qəlbimin sirrini, şərhi-halımı ərz etməyə, E’tibarlı dost çox gəzdim, tapılmaz bir nəfər.
Cümləsi kordur, pərişan halımı kimlər görər, Cümləsi kardır mənim fəryadımı kim dinləyər?
Təkcə o, həşmətli sərvərdir ki, sabit rə’ylə, Pak qəlbilə olubdur bir günəş tək cilvəgər.
Lütfü ehsanü səxavətdə elə şöhrət tapıb, Kimsə bilməz kim, mələkdir, yoxsa övladi-bəşər.
Cilvə saçmış, feyz vermiş aləmə lütfü onun, Təb’inin qüvvət quşu açmış bütün dünyadə pər.
Əbdürrəhman ki, fələk-şövkət, mələk-qüdrətlidir, Dərgəhini səcdəgah etmiş onun Şəmsü Qəmər.
Sayeyi-lütfündə şe’rin artdı qədrü qiyməti, Şe’r qədrini necə zər qədrini zərgər bilər.
Mərkəzi-idrakdə bir qütbsən, ey sərvərim, Qərq olar nurə kimə lütfilə salsan bir nəzər.
Bəxtin imdadiylə şəhpər açsa idrakın quşu, Xidmətinə, sərvərim, çərxi-fələk bağlar kəmər.
Bu Füzuli dərgəhin xadimlərindəndir sənin, Hali-zarından onun, lütf eylə, olma bixəbər,
Əhd qılmışdı ki, vardır hər qədər cismində can, Qarşına söz süfrəsi açsın öz imkanı qədər.
Məqsədim könlümdəki dərdə təsəllidir mənim, Yoxsa verməzdim sənə bu sözlərimlə dərdi-sər.
Istərəm ki, hər qədər dövri-fələk xidmətçisi, Hər gecə məclis düzəldib yandıra şamü səhər.
Heç zaman bağlanmasın ehsan yolun bu dəhrdə, Mən və yüz mən kimi yolçu olsun ondan bəhrəvər.
* * *
Lüğət: Rüxsar – yanaq S; Yaş – körpə mənasında işlənilir; Əhli – raz – sirr əhli, sirdaş; Xuni – qanlı, qan tökən; Qanı – hanı; Təb – qızdırma; Çərxi – çənbəri – dairəvi səma; Xaki – tirə – qara torpaq; Məlamət – məzəmmət, danlaq; Fərq – baş; Simbər – gümüş bədənli; Badə – şərab; Dili – tirə – qaranlıq könül, tutqun könül; Müştəri – Saturn ulduzu; Dəhr – zaman, dünya, aləm; Dil – ürək; Sərvər – başçı; Şəms – günəş; Qəmər – ay; Qədr – dəyər, qiymət, məziyyət; Can – ruh, bədən