Əsas məzmuna keç

Heca şeiri

Göyqurşağı

Zəlimxan Yaqub

2

Gözüm gördü, könlüm sevdi, vuruldu, Taxtım-tacım göy üzündə quruldu. Duyğularım çeşmə kimi duruldu, Eşqin nuru, bəxtin ağı göründü! İstanbulda göyqurşağı göründü!

Allah dedim, tapınmadım bütə mən, Ucalıqda Aydan, Gündən ötə mən. Atilla mən, Alparslan mən, Mete mən, Yurdun neçə yanar dağı göründü! İstanbulda göyqurşağı göründü!

Osman kimi ər ad gəldi dünyaya, Orxan gəldi, Murad gəldi dünyaya, Fateh ilə həyat gəldi dünyaya, Sarayların qızıl tağı göründü! İstanbulda göyqurşağı göründü!

Üfüqləri çiyni üstə saxlayan, At üstündə sellər kimi çağlayan, Gündoğanı günbatana bağlayan, Ürəklərin bəndi, bağı göründü! İstanbulda göyqurşağı göründü!

O nur türkün səhəriydi, danıydı, Çanaqqala şəhidinin qanıydı, Ömrümüzün ən mənalı qanıydı, Türk əsrinin gülən çağı göründü! İstanbulda göyqurşağı göründü!

Yer də, göy də çiçək oldu gözümdə, Gözəl oldu, göyçək oldu gözümdə. Gördüklərim mələk oldu gözümdə, Məscidlərin güllü bağı göründü! Yer üzünün nemətindən doymamış, Gözlərimə göyqurşağı göründü!

İstanbul, 1994, yanvar

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.