Göynədir
Gözdə qəhər olanda, Göz adamı göynədir. Dildə zəhər olanda, Söz adamı göynədir.
Can sınıb söküləndə, Dərd göydən töküləndə, Vədəsiz büküləndə Diz adamı göynədir.
Bəxt dönəndə qaraya, Çatan olmur haraya. Səpiləndə yaraya Duz adamı göynədir.
Qəm nə pis vaxta gəldi, Şah oldu, taxta gəldi. Elə ki, şaxta gəldi, Buz adamı göynədir.
Kədəri atmaq olmur, Ömrü yaşatmaq olmur, Əlliyə çatmaq olmur, Yüz adamı göynədir.