Göydən enməz, yaranlar
Könül pərvaz edib qalxdı yerindən, Havalanmış, göydən enməz, yaranlar, Bir xəyala düşmüş, çıxmaz sərindən, Bu xəyaldan geri dönməz, yaranlar.
Nuş edibdir məhəbbətin qəndindən, Öyüd almaz zahidlərin pəndindən, Durdu məkanından, çıxdı bəndindən, Dolanıb, yerunə qonmaz, yaranlar.
Eşq işini ağıl edən, huş edən, Ayılarmı eşqə düşüb, coş edən, Yar əlindən badə alıb nuş edən, Badə-badə içər, qanmaz, yaranlar.
Bir xətt vardır ol Fatmanın saçında, Oxudarlar məhşər xəlqin seçəndə, Bir od vardır aşiqlərin içində, Bu odlar tək, bəlli, yanmaz, yaranlar.
Məxdumqulu, eşq özündən bad eylər, Eşq işidir, aşnaları yad eylər, Tüstüsüz yandırar, yelsiz od eylər, Bir zəbanə çəksə, sönməz, yaranlar.