Əsas məzmuna keç

Heca şeiri

Göyçənin gözəl oğlu

Zəlimxan Yaqub

1
Sərdar Kərimovun xatirəsinə

Ömrün bir köçəri quşamı döndü? Baharın çevrilib qışamı döndü? Səni bu dünyadan aparan günü, Əcəlin ürəyi daşamı döndü? – Göyçənin gözəl oğlu!

Yurdumun, elimin öz havasıydın, Bahar təravəti, yaz havasıydın. Təcnisdən, qoşmadan yoğurmuşdular, Sən başdan-ayağa saz havasıydın, Göyçənin gözəl oğlu!

Qohumun şirini, dostun xasıydın, Yaralı Göyçənin dərdi, yasıydın. Sazınla, sözünlə, şeiriyyətinlə, Yaralı Göyçənin bir parçasıydın, Göyçənin gözəl oğlu!

Göyçə bütövümüz, Göyçə paramız, Göyçə sızıltımız, Göyçə yaramız, Göyçə əlimizdən hansı gün gedib, O gündən sevinclə yoxdu aramız, Göyçənin gözəl oğlu!

Dağılan şəhəri, köçən kəndi var, Yıxılan hasarı, uçan bəndi var. Nə sən tapa bildin, nə mən açmışam, Tanrının açılmaz qıfılbəndi var, Göyçənin gözəl oğlu!

Əcəl nə tez döydü qapını, qardaş, Üzdü ürəyinin sapını, qardaş? Cəbrində insaf yox, qəbrində işıq, Kim yapıb bu qədim yapını, qardaş? – Göyçənin gözəl oğlu!

Zəmilər sünbülə, dənə gələydi, Sağlığın qayıda, dönə, gələydi. Dost dərdi çəkəydim, yüngülləşəydim, Azarın bir az da mənə gələydi, Göyçənin gözəl oğlu!

Sevgini min əriş, min arğac eylə, Canın sağlığını başda tac eylə. Həkimsən, dərman tap, loğmansan – çara, Dur özün-özünə bir əlac eylə, Göyçənin gözəl oğlu!

Məni məndən artıq duyan Sərdarım, Şeirimə, ruhuma həyan Sərdarım, Təzə sevgi şeiri yazıb Zəlimxan, Onu özün oxu, oyan, Sərdarım, – Göyçənin gözəl oğlu! Göyçənin çiçək oğlu! Göyçənin mələk oğlu!

2004, 6 aprel

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.