Göyçədə
Könlüm söz eşqinə yaşıl tağ atdı, Köküm Borçalıda, özüm Göyçədə. Sinəmdə bir sönməz ocaq çatmışam, Odum Borçalıda, közüm Göyçədə.
Bu ellər Lələdi, mən də bir Kərəm, Gərək arzuların barını dərəm. Yüz il təbiətdən ömür istərəm, Qoşum Borçalıda, düzüm Göyçədə.
Nə qələmi oldu, nə mürəkkəbi, Yetişdi Ələsgər, yarandı Nəbi. Göylərə qaldırdı ilhamı, təbi, Sazım Borçalıda, sözüm Göyçədə.
Zəlimxan, sözümdən ayrılammaram, Odumdan, közümdən ayrılammaram, Canımdan, gözümdən ayrılammaram, Odum Borçalıda, közüm Göyçədə.