Göy kəbutər
Yaranlar, müsəlmanlar, Görün, hökmi-davəri. Məsciddə oturmuşdu Bir gün Mürtəza Əli.
Söykənərək mehrabə, Üzün tutmuş kitabə, Uluğ-kiçik, səhabə Yığılmışdı həm varı.
Ol şahi-səfdər gördü, Bir göy kəbutər gəldi, Qonaraq təzim qıldı: «Səlam əleyk, ya Əli.
Sənsən dinim-imanım, Sənə qurban bu canım, Filan yerdə aşyanım, Yaş çağam var, ya Əli.
Yerlə göy arasında, Xırmanlar qırağında, Xudanın pənahında Gəzərdim səhraları.
Teyr edərdim hər yana, Şükr edərdim sübhana, Yığardım, buğda, danə, Varardım yuvam sarı.
Düşməndən qafil idim, Xürrəmü xoşhal idim, Çağama məşğul idim, Gördüm ki, bir şahpəri,
Gördüm bir laçın gələr, Havada havalanar,
Bildim ki, canım alar, Aman verməz, ya Əli.
Qorxub, bitaqət oldum, Şirin candan əl üzdüm, Sənin qapına gəldim, Qurtar məni, ya Əli».
Əli çün vaqif oldu, Kəbutər halın bildi, Lütf ilə kərəm qıldı, Der: «Kəbutər, gəl bəri».
Kəbutər gəldi önə, Verməz laçın cənginə, Qol uzatdı, qoluna, Qondurdu quşu Əli.
Şol dəmdə laçın gəldi, Həzrətə ərzin qıldı, Lütf ilə təzim qıldı: «Səlam əleyk, ya Əli.
Bu səhər ov ovlardım, Dağı-daşı teylərdim, Bir kəbutər qovlardım, Gəlibdir sizin sarı.
Dərməndəyəm, möhtacam, Şərməndəyəm, qəllacam, Bu gün üç gündür acam, Ovumu ver, ya Əli!»
Ol şiri-pərvədigar, Ol sahibi-Zülfüqar, Ol şahi-Düldül süvar Nida qıldı Qənbəri.
Gənbər çün hazır oldu, Lütf ilə kərəm qıldı,
Dedi: «Xidmət nə oldu, Çağırdınız bizləri».
Dedi çərxi-çənbərə, Müşk qatılmış ənbərə, Əli dedi Qənbərə: «Alıb gəlgil xəncəri».
Görün indi nə qıla, İstər ol kərəm qıla, Laçın dedi Əliyə: «Siz nedərsiz xəncəri?»
«Ey laçın, mən Heydərəm, Sahibi-lütfi-kərəm, Öz budumdan ət verəm, İstəmə kəbutəri».
Xəncər çıxdı qınından, Ta ət kəsə budundan, Laçın tutdu qolundan, Dedi: «Kəsmə, ya Əli».
Sənin işin kərəmdir, Qolların möhtərəmdir, Bu ət bizə haramdır, Ey, ya saqi-kövsəri.
Laçın saymazlar məni, Kəbutər deməzlər onu, Sınamaq üçün səni, Gəlmışdik sizin sarı».
Şahdan rüxsət aldılar, Ayaq üstə qaldılar, Uçub, pərvaz qıldılar, Getdilər asman sarı.
Tamam oldu bu sözlər, Etsələr gərək əsər, Məxdumqulu xaki-sər, Şahi-mərdan çakəri.