Əsas məzmuna keç

Qəsidə

Götürdü bad bürqə’ çöhreyi-gülbərgi-xəndandan

Məhəmməd Füzuli

1

Götürdü bad bürqə’ çöhreyi-gülbərgi-xəndandan, Gətirdi aləmi mürği-çəmən əfqanə əfqandan.

Nədir, ya Rəb, çəməndə əndəlibin rişteyi-dami, Məgər açdı gireh sünbül səri-zülfi-pərişandan?

Əgər qövsi-qüzehdən tir-baran etmədi gərdun, Nədir aya, səbəb kim, doldu gülbün cismi peykandan?

Və gər bir baği-pünhan ilə bağrın yaqmadı gərdun, Nədir məqsudi hər dəm lalənin çaki-giribandan.

Bəhar əyyamidir, qurtuldu aləm hər küdurətdən, Qılıb kəsbi-səfa cüllab feyzi-əbri-neysandan.

Həva fəssadi çəkmiş xardən neştər, məgər bildi Ki, düşmüşdür gireh gülbünlərin ə’zasına qandan.

Göz açdı əqdi-şəbnəmdən təravət kəsb edib nərgis, Ərəq qurtardı tədric ilə ol bimari böhrandan.

Səfayi-kəsbi-hüsni-istiqamət eylədi hasil, Mizaci-mülki-aləm iqtidayi-əqdi-dövrandan.

Səlahü e’tidalı dəhr mənsub etdi əzdadə, Fəsadü ixtilafı dövr mərfü etdi ərkandan.

Çəmən bəzminə rövnəq verməyə gül qönçədən çıxdı, Müəyyən qılmaq üçün Misri Yusif çıxdı zindandan.

Nola çeşmi-tər ilə çıxsa həbsi-xakdən nərgis, Nola gər çıxsa Yə’qubi-bəlakəş Beytül-əhzandan.

Buraxdı jəng mir’ati-sərabə səbzeyi-səhra, Nəmi-xak etdi rəxşi-girdibadi mən’ cövlandan.

Sərasər qıldı əczayi-zəmin əmvatını əhya, Məgər bir cür’ə abi-Xizr idi hər qətreyi-baran?

Müalic sihhəti-bimar üçün çox çəkməsin zəhmət Bu gün kim, kəsb olur ol müddəa seyri-gülüstandan.

Fəzilət ol degil kim, səfheyi-gülzarı doldurdu, Bəhari-aləmara sünbülü nəsrinü reyhandan.

Budur kim, rövzeyi-Darüssəlami eylədi məmnun Sərəfrazi-səadətmənd lütfü ədlü ehsandan.

Nizami-mük Ibrahim bəg, ol paksiyrət kim, Təqazayi-təfəvvür eyləmiş əfradi-insandan.

Sərəfrazi zəkitəb’i, fələkrə’yü mələksiyrət, Münəzzəhdir kəmali-nisbəti əmsalü əqrandan.

Kəmalü fəzli-zati Asəf övsafında xətm olmuş, Götürmüş jəngi-nəqz ayineyi-mülki-Süleymandan.

Dili-pürnurinə qılmaz güzar əfkari-nasayib Kim, ol qəndil məmlüvdür ləbaləb nuri-irfandan.

Könül gər meyli-gülzar etsə, fəsli-gül onunçündür Ki, tə’lim ala mədhin ləhceyi-mürği-xoşəlhandan.

Və gər göz mərdümi bustan təmaşasına meyl etsə, Onunçündür ki, tərhi-bəzm edə idrak bustandan.

Sərəfraza! Bihəmdillah, bəhari-pərtövi-ədlin Dəri-feyz açdı gülzari-Iraqə baği-rizvandan.

Əcəb yox səbzəvəş gər xakdən baş çəksə əmvati, Əcəb yox olsa gənci-nihan zahir bu virandan.

Füzuli xaməvəş sərgəşteyi-səhrayi-vəsfindir, Qədəm sərmənzili-təqsirə basmaz ol biyabandan.

Yetər caninə mədhindən dəmadəm zövqlər, guya Ki, tari-gövhəri-mədhin qılıbdır rişteyi-candan.

Ilahi, ta nəsimi-sün’ təhrikilə aləmdə, Olur damani-gülşən pürgühər əbri-dürəfşandan,

Riyazi-qədrinə gün-gündən əfzun ola cəm’iyyət, Ümidin gülşəni məhrus ola seylabi-hirmandan.

* * *

Lüğət: Xəndan – gülən; açılmış; Mürğ – quş; Əndəlib – bülbül; Gireh – düyüm; Tir – ox; Baran – yağış; Gərdun – dönən; fələk; dünya; Gülbün – gül budağı; Peykan – oxun ucundakı dəmir; Pünhan – gizli; Gərd – toz; Dəm – qan; zaman; nəfəs; ah; söhbət; Çaki – giriban – yaxanı parçalamaq; Giriban – yaxa; Əbri – neysan – neysan buludu; Qanda – harada; Ərəq – tər; Hüsni – göftar – söz gözəlliyi X; Mizaci – namiyyə – böyümək mizacı; Dəhr – zaman, dünya, aləm; Bəlakəş – dərd çəkən, başı bəlalı; Beytül – həzən – qəm evi; dini rəvayətdə Yəqubun Yusif həsrətində dörd yol ayrıcında qurduğu koma; Xak – torpaq; Zəmin – asiman – yer-göy; Əmvat – ölülər; Abi – rəvan – axar su, çay; Aləmara – dünyanı bəzəyən; Əqran – tay-tuş; Dili – tirə – qaranlıq könül, tutqun könül; Ləbaləb – ağzına qədər dolu; Mərdümi – insanlıq; Pərtövi – xurşiddən bədr olacaqdır bu hilal – bu yeni Ay Günəş işığından bədrlənəcəkdir; Rizvan – behiştin xəzinəsi, cənnət; Gənc – xəzinə; Nəsimi – gülriz – gülləri tökən səhər küləyi; Hirman – məhrumiyyət

Məhəmməd Füzuli
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.