Görüş-ayrılıq
Səndən xatircəməm, Füzuli babam, Qəbrinin daşından öpüb gedirəm. Gözümün yaşını çiçəklər kimi, Məzarın üstünə səpib gedirəm.
Kim deyir məzarın dağılıb sənin, Kim deyir torpağın külə çevrilib. Ən yaxın həmdəmsən İmam Hüseynə, Nəfəsin çiçəyə, gülə çevrilib.
Milyonlar doğulur, milyonlar gedir, Hamı belə yerdə uyumur, babam! Düz beş yüz ildir ki, xalqın, millətin, Sənə məhəbbəti soyumur, babam!
Kərbəla taleli, Kərkük haraylı, Nəcəf xatirəli ustadım mənim. Min dağı qoparıb bir dırnağilən, Söz dağı ucaldan Fərhadım mənim.
Süzülə-süzülə sözə çevrilib, Əriyə-əriyə qəlbin şəm oldu. Səhrada Məcnuna qurduğun saray, Bütün saraylardan möhtəşəm oldu!
Dünyaya gələndən dünya şeirinin Ağrı damarısan, ah damarısan. Bir qəlbin içində yerləşir bəşər, O qəlbin, ürəyin şah damarısan!
Ömür bağışladın, ölməz eylədin, Leyli də, Məcnun da yaşar sinəndə. Zamandan-zamana axar, dayanmaz, Dəclə də, Fərat da daşar sinəndə!
Gəzdiyin yerləri gəzdim, dolandım, Yatdığın torpaqda yata bilmədim. Şöhrətin o qədər yüksəklərdədir, Bircə pilləsinə çata bilmədim!
Təzə pöhrəsiyəm Azərbaycanın, Sözün sünbülündə dənəm, ay ustad! Vidadi xəstədən Bağdad elinə, Nişanə yetirən mənəm, ay ustad!
Gecəli-gündüzlü yollarda qalıb, Neçə yol düşsəm də bərkə, çətinə, Məni qovuşmağa qoymadı eşqin, Axır ki, qovuşdum məhəbbətinə!
Mən indi bildim ki, Bakıyla Bağdad, Onda bir-birinə həsrət deyilmiş. İndi bizim üçün qürbətə dönüb, O zaman bu yerlər qürbət deyilmiş!
Təbrizə, Hələbə, Bağdada, Şama, Nə qədər köç gedib, axın olubdu. İndi yaxınları uzaq salmışıq, O zaman uzaqlar yaxın olubdu!
Sevgini ən dadlı bir şərbət kimi Bütün nəsillərə içirən babam. Ərəbin dərdini türkün dilində, Dünyanın qəlbinə köçürən babam!
Baş əyib ölümsüz misralarına Qəbrinin daşından öpüb gedirəm! Gözümün yaşını çiçəklər kimi, Məzarın üstünə səpib gedirəm!!!
Kərbəla, 1994, sentyabr