Əsas məzmuna keç

Qəsidə

Görürsən halımı, lakin sənə bu etməz əsər

Məhəmməd Füzuli

1

Görürsən halımı, lakin sənə bu etməz əsər, Rəqiblər səni aldatdı, tutmadınmı xəbər?

Bilincə halımı qorxdunmu, yoxsa fikr etdin? Ona təsəlli verərsəm, görən məzəmmət edər?

Məzəmmət əhli bizi dəhrdə edər təhqir, Nə vəsldən bir əsər var, nə rəhmdən bir əsər.

Həbibim, eyləmədin lütf, canımı aldın, Məhəbbətim sənə, canan, əyan deyilmi məgər?

Həbibim, eylədin amac min bəlayə məni, Şikayət eyləmərəm, aşiq hər cəfayə dözər.

Məni salıb nəzərindən cahanda xar elədin, Əyan deyilmi sənə yoxsa çəkdiyim qəmlər?

Bu qədr səbr edirəm cövrünə, yəqin bir gün, Ədalət ilə məhəbbət özü qəzavət edər.

Ədalət ilə olarsam cəriməyə məhkum, Onun hökmü malımla, canımla tez ödənər.

Ədalət olmasa hökmündə eşq aşiqinin, Hüququmu qoruyub, eylərəm şikayətlər.

Şikayətim bu olar ki, tutub da damənini, Tərəhhüm et! – deyərəm, – əhdinə vəfa göstər.

Çəpər çəkib aramızda yəqin səninlə mənim, Nə qədr sərt və möhkəmdi, sevgilim, bu çəpər.

Bizi ayırmaq üçün qəsdlə inad əhli, Mənə yalan yerə min dürlü ittiham verər.

Mürüvvət əhli deyildir, fəsaddır əməli, Əqidəsi pozulubdur – deyərlər, ey dilbər.

Inamla sözlərinə, bunca sahibi-qərəzin, Mənə həlali həram etmək istər ol sözlər.

Məni rəqiblərə tay tutub, uzaqlaşma Ki, eşqim iffətini, vəsfini edib əzbər.

Nəcabətimdi salan dəhşətə rəqibləri, Mətanətimdi verən eşqdə mənə şəhpər.

Mənə beşikdə ikən eşq türbəsi verilib, Məsihəm, eşqim isə pak Məryəmə bənzər.

Doğulmağımla zühur etdi eşq aləmdə, Günəş doğanda qaranlıq, bu rəsmdir, çəkilər.

Məhəbbət əhliyəm, eşqimdəki mətanətlə, Bütün mələklərə Adəm mənimlə fəxr eylər.

Səfası qəlbimin olmaz bəyan ilə zahir, Sükutumu görən anlar vəfalıyam nə qədər.

Təvazö’ümlə ucallam məqami-valayə, Bu yüksəlişdə məzacim, təbiətim dəyişər.

Rəqib sözünə inanma, vəfanı tərk etmə, Vəfadan olmaz əsər, bil, inanmış olsan əgər.

Deyirsən: eşqi unut, səbr et, na çarə edim? Min örtü altına alsan da eşqi, tez görünər.

Məhəbbətimlə yaranmış başımdakı sevda, Səninlə zahir olubdur, səninlə gözdən itər.

Nə səndə hüsnünü gizlətməyə çatar cür’ət, Nə eşqi pərdələməkçün mənə verilmiş hünər.

Bəyan edib sənə əhvalımı, dözüb dərdə, Bu dərdi kaş aparaydım özümlə qəbrə qədər.

Açanda dərdimi artır sayı rəqiblərin, Olaydı kaş dilim lal, susaydı düşmənlər.

Sənin himayənə göz dikmişəm, fəqət sənsən Rəqib önündə məni xar edən sitəmpərvər.

Həbibim, olsa qələt sözlərimdə, əfv eylə, Zərif könlünü incitməsin kobud sözlər

Ki, məqsədim yaşamaqdan sənin rizan olmuş, Könüldə başqa muradım yoxumdur, ey sərvər.

Kəsibdir heyrətimin çoxluğu səlah yolunu, Bilirsən halımı, canan, səlahə ol rəhbər.

Həyatdır mənə vəslin, ölümdür hicranın, Hər ixtiyar sənindir, bu baş, bu da xəncər.

Sənə məhəbbətimi cəhlə yozma, mən bilirəm, Təkamülə çatar eşqə mürid olan kəslər.

O hüsnlə o lətafət ki, səndədir, canan, Kamal əhlini eşqinlə ərşə yüksəldər.

Sənayə, həm də səzavardır xuda, sonra Bu vəsf Əhmədi-Muxtar üçün rəva görülər.

O əqli-külldür, onda kəmal kamildir, Kərimdir və mükərrəm, kəramətə məzhər.

Odur hidayət edən kainatı Həqq yoluna, Füzuli, hər gün o şahə səlamını göndər!

* * *

Lüğət: Əhli – raz – sirr əhli, sirdaş; Dəhr – zaman, dünya, aləm; Həbib – sevgili, dost; Amac – hədəf; Xar – çox möhkəm daş, mərmər daşı; Qədr – dəyər, qiymət, məziyyət; Damən – ətək; Əməl – arzu; iş; Vala – yüksək, uca; Dili – tirə – qaranlıq könül, tutqun könül; Sərvər – başçı; Səzavar – layiq; Kərim – səxavətli, kərəmli; Mükərrəm – hörmətli; Məzhər – bir şeyin zahid olduğu yer; Hidayət – doğru yola getmək

Məhəmməd Füzuli
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.