Görünməz
Borçalıdan boylanıram Göyçəyə, Zirvələrim, ətəklərim görünməz. Çeşmə başı çərşəmbəsiz keçinər, Gözəllərim, göyçəklərim görünməz.
Neçə dərdin sirdaşıyam, yarıyam, Çətin bir də arzulardan yarıyam. Nə zamandı balsız qalan arıyam, Qonmaq üçün çiçəklərim görünməz.
Hara gedək bu pislərin əlindən, Bu pislərin, xəbislərin əlindən. Göyə çıxdı iblislərin əlindən, Yer üzündə mələklərim görünməz.
Bir murazı tez görməyə can atdım, Çınqıllarla dizlərimi qanatdım. Axşam oldu, gecə keçdi, dan atdı, Gördüm yenə diləklərim görünməz.
Taleyimin üzü məndən boz oldu, Ağzım ocaq, dilim yanar köz oldu. Zəhmətimdən mənə qalan bez oldu, Tirmələrim, ipəklərim görünməz.
Buz həsrətin üzü daşdan yamanmış, Ayrılığın üzünə daş yamanmış. Yurdum-yuvam başdan-başa dumanmış, Qanad çalsam, lələklərim görünməz.
Yaxın açıb, yaylağıma yad gəlib, Müxənnətin damağına dad gəlib. Yağı yenə meydanıma şad gəlib, Harda yatıb Babəklərim, görünməz.
Göyə baxdım, gözlərimə gəldi qan, Yarımadım mən şahların şahından. Çoxdan yanıb Füzulinin ahından, Ha çağırsam fələklərim görünməz.
Ürəyimin fəryadına qulaq as, Gör nə deyir yas dalınca gələn yas, Allah məni çox ağladıb, ay Abbas, Yaş içində bəbəklərim görünməz.