Əsas məzmuna keç

Qoşma

Görüm

Zəlimxan Yaqub

1

Çayla axar, sellə yarış eylərəm, Təki səni bir çağlayan bulaq görüm. Yer üzünü qarış-qarış eləyərəm, İstəmərəm yaxınları uzaq görüm.

Meydan oxu min çəmənin çiçəyinə, Yerin, göyün ətri dolsun ürəyinə. Dağ küləyi qanad versin diləyinə, Varlığında aran görüm, yaylaq görüm.

Dodağında bircə soyuq söz olmasın, Ürəyində xəyanətdən iz olmasın. Elə qayna, baxışların buz olmasın, Hər baxanda gözlərinə, ocaq görüm.

Qartal olsam, hər gün qoru sardan məni, Özün çıxart hər sınaqdan, dardan məni. Özün saxla qasırğadan, qardan məni, Hər sözündə yollarıma çıraq görüm.

Nə yetirsən yaxşı yetir, əsil yetir, Gözlərimdə rəngi solmaz fəsil yetir. Dünya üçün ən vüqarlı nəsil yetir, Bir kök üstə min bəhrəli budaq görüm!

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.