Əsas məzmuna keç

Qoşma

Görmədim

Aşıq Ələsgər

1

Bivəfanın, müxənnəsin, nakəsin, Doğru sözün, düz ilqarın görmədim. Namərdin dünyada çox çəkdim bəhsin, Namusun, qeyrətin, arın görmədim.

Namərdi özümə mən dost eylədim, Yolunda canıma çox qəsd eylədim, Söyüddən bağ saldım, peyvəst eylədim, Almasın, heyvasın, narın görmədim.

Nəfs aldatdı, hər yetənə xan dedim, Bihudə kollara gülüstan dedim, Əbəs yerə bivəfaya "can" dedim, Zəhmətin çox çəkdim, karın görmədim.

Huşum çaşdı, düşdüm olmaz oyuna, Yetmədim gözəlin əsli-soyuna, Aşıq oldum simasına, boyuna, Hayıf ki, kamalda dərin görmədim.

Ələsgər, elmində olma nabələd, Doğru söylə, sözün çıxmasın qələt, Şahiddə iman yox, bəydə ədalət, Alimlərin düz bazarın görmədim.

Aşıq Ələsgər
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.