Görə bilmədim
Mən gülü tikansız görmək istədim, Tikanı ziyansız görmək istədim, Görə bilmədim.
Yalanı ayaqsız görmək istədim, Həyatı boyaqsız görmək istədim, Görə bilmədim.
Ürəyi kədərsiz görmək istədim, Sevinci qədərsiz görmək istədim, Görə bilmədim.
Zamanı silahsız görmək istədim, İnsanı günahsız görmək istədim, Görə bilmədim.
Dünyanı azarsız görmək istədim, Torpağı məzarsız görmək istədim, Görə bilmədim.
Həmişə göz yolda, qulaq səsdədir, Bu niyə belədir, niyə, bilmirəm. Mən görə bilmədim istədiyimi, Görən olacaqmı? Deyə bilmirəm!