Görə bilirsənsə
Varlığa yox demə, yoxda varı gör, Çeşmə var, çəmən var, gül var, çiçək var. Görə bilirsənsə, gül ləçəyində Arı var, nəğmə var, bal var, pətək var.
Bürünüb yaşıla, bələnib zərə, Gözəllik gəlməsin gözə, nəzərə. Bir dağ duruşunda min bir mənzərə, Zirvə var, dərə var, əl var, ətək var.
Nur kimi gözlərə doldu neməti, Dünəndən sabaha yoldu neməti. Ulu Yaradanın boldu neməti, Səni yaşatmağa duz var, çörək var.
Taleyin nədirsə, alnına yazır, Yuvadı – yaradır, məzardı – qazır. Körpə gəlişinə hər şeyi hazır, Beşik var, layla var, süd var, bələk var.
Oxu var – kamana mindirmək üçün, Teli var – dil verib dindirmək üçün. Allahı insana endirmək üçün, Peyğəmbər yanına enən mələk var.
Alar bürkü səni, sərt ayaz səni, Qışda qış oxşayar, yazda yaz səni. Təbiət heç yerdə unutmaz səni, Torpaq var, qəbir var, bel var, kürək var.
İnsanın həmişə işi iş olub, Görən göz, ötən dil, yeyən diş olub. Babamız adında bir keçmiş olub, Nəvəmiz adında bir gələcək var.