Əsas məzmuna keç

Heca şeiri

Gördüm Arazı

Zəlimxan Yaqub

1

Yaralı Təbrizim yadıma düşdü, Saralan bənizim yadıma düşdü, İstəklim, əzizim yadıma düşdü, Yüz dəfə gözümdən yaş axdı azı, Gördüm Arazı.

Məhbəsdə, zindanda saydım özümü, Getdi ürəyimin tabı, dözümü. Tikanlı məftillər tökdü gözümü, Gülmədi üzümə ömrümün yazı, Gördüm Arazı.

Dili bir yanıqlı neydi həsrətin, Yükü qamətimi əydi həsrətin, Şilləsi üzümə dəydi həsrətin, Mən belə görüşdən olmaram razı, Gördüm Arazı.

Mən əziz bilsəm də yerin xətrini, O tay əsirgədi məndən ətrini. Dəyişə bilmədim bircə sətrini, Daş oldu bəxtimə yazılan yazı, Gördüm Arazı.

Daha yer qalmadı söhbətə, dəmə, Kövrək duyğularım bələndi qəmə. Həsrət bir daş olub dəydi sinəmə, Sındırdı qəlbimdə dil açan sazı, Gördüm Arazı.

1978, 19 fevral

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.