Əsas məzmuna keç

Qoşma

Gördüm

Məxdumqulu Fəraqi

1

Şükür haqqa, biz də bu yola düşdük, Keçirdim, bir neçə əyyamı gördüm. Mərifətin dəryasına yetişdik, Ariflər sürərlər, yüz gəmi gördüm.

Xıdır seyran edər qüdrət aləmin, Musa oxur həqiqətin kəlamın, Yeddi gün almamış tanrı salamın, Qütbül-Əqtab adlı bədnamı gördüm.

Tazə taban olan ömrüm çırağı, Qış-xəzanı dəysə, göyərməz bağı, Göz edib qarşıda bir neçə saqi, Hər biri oynadır yüz camı gördüm.

Ağladım, yıxıldım, tutdum əlini, Dörd pişvazı ilə həzrət Əlini, Səncər xan, Səlim şah, yeddi vəlini, Bir Zöhrə, on iki imamı gördüm.

Süleymanı gördüm, yatır eyvanda, Bir neçə qaiblər cəm olmuş onda, Qülzüm dəryasında, dibsiz ümmanda Əli, Hatəm salan ləcamı gördüm.

Qarun bu dünyanı aldı mal ilən, İblis asi oldu, gəlməz yol ilən, Səmənqan şəhrində batır Zal ilən, Bir devlə cəng edən Rüstəmi gördüm.

Məxdumqulu, fərman oldu Allahdan, Yerə enib gəldi ərşi-əladan, Cəbrayıl gətirmiş ulu dərgahdan, Məhəmmədə enən kəlamı gördüm.

Məxdumqulu Fəraqi
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.