Gördüm
Gedirdim, güzarım düşdü bu dağa, Ovçu bərəsində maralı gördüm. Yatıb, inildəyir, durur boylanır, Bir neçə yerindən yaralı gördüm.
Zalım ovçu onu alıb nişana, Dəyib yaman güllə, bələyib qana, Çox incidir, dönür o yan-bu yana, Kəsilibdi səbri, qəralı, gördüm.
Təbib olsam, yaraları bağlaram, Sinəm üstən düyünlərəm, dağlaram. Ələsgərəm, o səbəbdən ağlaram, Ananı baladan aralı gördüm.