Gördük hər üzünü
Haqq verdi fürsəti, meydan vermədi. Şeytan həqiqətə meydan vermədi. Çox vaxt ayağına çidar vurdular Uçağan köhlənin, qaçağan atın, Gördük hər üzünü, gördük həyatın.
Qız qarı, ər qoca, kişi yarımçıq, Yarımçıq, hamının işi yarımçıq. Sürünə-sürünə getdi dünyadan, “Sallana-sallana gələn Salatın”. Gördük hər üzünü, gördük həyatın.
Susmadı güllələr, güllələnmələr, Analar ağlardı, sonalar mələr. Sibirlər, sürgünlər zindanlar yedi, Getdik güdazına bir zatsız zatın, Gördük hər üzünü, gördük həyatın.
Ey dünya malına əsir olanlar, İştaha, tamaha həsir olanlar, Dünya sizin olsun var-dövlətiylə, Dəyərə-dəyməzə aparın, satın, Bizdən aralanın, bizdən əl çəkin, Gördük hər üzünü, gördük həyatın.