Əsas məzmuna keç

Heca şeiri

Goranboydan gəlirəm

Zəlimxan Yaqub

2

Goranboydan gəlirəm, yuxulu, səksəkəli, Yatammıram, yuxumu səngər ərşə çəkəli. Tarixlərdə qalmasın vicdanımız ləkəli, İşığı sönmüşlərə ulduz verin, ay verin, Goranboydan gəlirəm, Goranboya hay verin!

Qəfil düşmən hiyləsi qoy gəlməsin eyninə, Vətən eşqi doldurun ürəyinə, beyninə. Papaq olun başına, paltar olun əyninə, Səngərdə üşüyənə bir stəkan çay verin, Goranboydan gəlirəm, Goranboya hay verin!

Düşmən yeyir torpağı, dağ doğrayır, daş kəsir, Düşmənidir millətin, kim pambıqla baş kəsir. İndi orda əsgəri şaxta kəsir, qış kəsir, Siz ora qəlbinizdə yaz aparın, yay verin, Goranboydan gəlirəm, Goranboya hay verin!

Düşmən qalxıb gəlsə də, sel kimi axın-axın, Gərək bir addım belə yurda gəlməsin yaxın. Torpağın taleyinə xalqın gözüylə baxın, Üstündə yaşamağa halal haqqı-say verin, Goranboydan gəlirəm, Goranboya hay verin!

Torpağa oğul gərək öz canından keçməyə, Tarlasını becərib, zəmisini biçməyə. Çayı var suvarmağa, bulağı var içməyə, Demirəm ki, siz ona bulaq verin, çay verin, Goranboydan gəlirəm, Goranboya hay verin!

Qoy sevinib baxmasın kəfən olmuş rəngimə, Mat qalsın qaniçənlər döyüşümə, cəngimə. Ləngimə, Vətən oğlu, bu yollarda ləngimə, Möhlət üçün düşmənə nə gün, nə də ay verin, Goranboydan gəlirəm, Goranboya hay verin!

Çalbayır əsir düşüb, Qarabağ əsir qalıb, Tülkülər caynağında Laçın kimi şir qalıb. Şuşanın verilməyi millət üçün sirr qalıb, Düşmənin tapdağında görün neçə pir qalıb. Anamı ağladanın anasına vay verin, Goranboydan gəlirəm, Goranboya hay verin!

Bir aslan yatağıdı burda hər dağ, hər dərə, Qələbə güllərini xalqım gərək tər dərə. Qala kimi söykənin Goranboya, Tərtərə, Palıd kimi bərkiyin, çinar kimi boy verin, Goranboydan gəlirəm, Goranboya hay verin!

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.